Axmaq alim.... - 17 Августа 2010 - Narmin Huseynzade

Bolmeler

Daxil Ol

E-mail:
Şifrə:

Axtar!

Teqvim

«  Avqust 2010  »
B.e.Ç.a.Ç.C.a.C.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Bizim Sorgu

Edebiyyata maraginiz varmi?
Cavabların sayı: 73

Statistika


Ha-hazirda saytda 1
Qeydiyyatsız 1
Qeydiyyatlı 0
ANA Səhifə » 2010 » Avqust » 17 » Axmaq alim....
18:44
Axmaq alim....

…79 gün qalmışdı təxris olunmağıma. Yəqin əsgəri xidmətdə olanlar bilir bu son günlərin dadını. Həmişəki kimi, tibb məntəqəsində uzanıb, mürgü döyürdüm dəmir çarpayımda. Qulluq elədiyim hərbi hissə,balaca bir tank batalyonuydu. Daimi tibb xidməti rəisi olmadığına görə,hospitaldan ezamiyyətə həkim göndərilirdi. Onların da əksəriyyəti feldşer olurdu. Ona görə də,ali təhsilimə görə əsas həkim kimi məni tanıyırdılar. Hörmətim də ki,öz yerində. Tibb məntəqəsinin bütün kağız-kuğuz işləri də mənə baxırdı. Axır vaxtlar da lap kölkəlmişdim. Ürəyim istəyəni bişirib yeyir,kefim istiyən vaxt yatıb dururdum. Əsgərlərlə elə yaxın ünsiyyət qurmazdım. Hamısı 18-19 yaşlı coluq-cocuqlarıydı. Öz yaşıdım olan,qərargahın yazarı İbrahimlə dostluq eləyirdim ancaq. Çox vaxt qərargahda rəislərdən kimsə olmayan kimi,gedib otururdum kompyuterin qabağında, oyun oynayırdım. Təzə bir məşğuliyyət də tapmışdım. Telefonla daxil olduğum wap çatlar əməlli-başlı vaxt öldürürdü.
Yenə də çatda eşələndiyim vaxt, İbrahim "vızov” atdi. Demək qərargah boş idi, kompyuterdə oynamaq olardı. Tənbəl-tənbəl durdum yollandım ağ evə (bina hər ayın əvvəli də,axırı da əhəngləndiyi üçün (əsas odur ki,əsgər boş durmasın) yay da,qış da ağ-appaq olardı). İçəri girəndə, otdel-kadr Davud müəllimi (yaşlı kapitanıydı. Əsgərlər arasında hörməti çox yaxşıydı,ona görə heç kim ona rəsmi müraciət eləmirdi), İbrahimi və bir küncə sıxılıb sakit-sakit baxan gənc əsgəri gördüm. İbrahim başını yazdığı kağızdan qaldırmadan:
- Həkim, ”zyoman” gəlib,qarşıla.
- Gəlib-gəlib da... Mən gələndə məni qarşılıyan olmuşdu?
Davud müəllim:
- Yekə-yekə danışma. Sən gələndə 24 yaşın varıydı. Get tanış elə çastın həyətiynən onu. Sənə tapşırıram yerlini.
İbrahim yenə də həmin vəziyyətdə:
- Adam olmadın da sən, həkim...
- Bir bu qalmışdı ki, yanıma "molodoy” salıb, bələdçilik , daydaylıq edim. Zəhləm gedir belə işlərdən. Özüdə belə əsgərə.
Anasını itirmiş quzu kimi,gözünü döyüb mənə baxırdı. Orta boylu, ağbəniz, dolu oğlanıydı. Qəşəng demək olardı. Ama sözün düzü, mənim kişilərə deyilən " qəşəng” , "göyçək” sözlərindən heç xoşum gəlmirdi. Bilmirəm bu təbiətimdəki kobudluqdan irəli gəlirdi, yoxsa ki, özümün də elə yaraşıqlı olmamağımdan. Ama əsgərin maraqlı gözləri varıydı. Mavi, bir az da nəmli. Kölgə kimi zəif bir qüssə varıydı bəbəklərində. "Körpə anasından ötrü darıxır” deyə beynimdən keçirtdim.
- Adın nədi?
- Orxan Abbasov.
- Orxanı yadından çıxart. Abbasov,bax bura ayaqyoludu. Ordan içəri isə tanklar və maşınlar saxlanılan boksdu. Vaxtı çatanda, gedib görərsən oranı da. O aralıda yerləşən isə, yeməkxanadı.
- Sənin adın nədir bəs?
- Dedim axı ki, adı yadından çıxart. Burda hamının bir adı var. Əsgər. Əsgər Abbasov, Əsgər Əliyev, Əsgər Vəliyev. Mənə isə Həkim desən də olar.
- Həkim,burda tualetin unitazları necədi? Aziatskidi yoxsa....?
Dəli gülmək məni tutdu.
- Yox, turetskiy unitazlardı. Nəysə...
Təəcüblə gülümsəyib, üzümə baxdı:
- Yaman dedin amma...
- Düş dalıma. Bura əsgər kazarmasıdı. O aşağıdakı yer,ərzaq ambarıdı. Bura isə tibb məntəqəsi. İndi gəl gedək içəri,sənin tibbi kartanı hazırlıyım.
İçəri girdik.
- Amma tibb məntəqəsi üçün çox bərbad yerdi.
- Hmm. Özəl klinika gözləyirdin sən?
- Biz deyəsən yerliyik,hə?
- Hə. Eyni şəhərdənik. Sən hansı tərəfində olursan?
Birdən fikrə getdi. Gözləri yol çəkdi. Sonra qəfildən də diksindi. Yaşadığı küçənin adını çəkdi. Bizdən çox uzağıydılar. Amma yaşadığı küçənin adını deyəndə, niyə belə fikrə getdiyini, yenə də darıxmağıyla əlaqələndirdim.
- Həkim,sizdə mobil telefon var?
Elə yazıq-yazıq soruşdu ki, lap ürəyim ağrıdı.
- Hə, var. Danışmaq istəyirsən?
- Aha. 1-2 kəlimə danışardım evdəkilərlə.
- Götür zəng elə. Amma burda, içəridə danış, heç kim görməsin. Mənə heç nə deməzlər ancaq səni incidərlər. "Molodoy”san hələ, "qırxın” çıxmayıb.
Telefonu ona verib,özüm də bir siqaret yandırıb, çıxdım çölə. Qoy rahat danışsın. Qapının ağzından eşidilirdi içəridə bütün danışılanlar. Aha... anasıyla danışır. Səsi titrəyir. Zavallı. Sən ona hər şeyin yaxşi olduğunu yüz dəfə denən. O sənin səsinin titrəyişindən,gündə neçə dəfə onu yada salıb köks ötürdüyünü də bilir. Səninlə bərabər yatır,durur,yeyir,asvalt meydançada səninlə bərabər addımlayır.Analar belədi dostum...
Sağollaşdı. İndi kiminle danışır? Pahooo... Qara qızın dərdi var imiş ki. Bir dənə də gözü yaşlı Leylasi var ki, bunun. Bəlkə də heç gözü yaşli da deyil. Əli-qolu açılıb indi, yeni-yeni proyektlər fikirləşir öz-özünə.
İbrahim gəldi:
- Nədi ala? Özünü günə verirsən?
- Yoox. Təzəgələn içəridə telefonla danışır.
- Nə telefon ala? "Molodoyları” yığırlar. Ona denən getsin ştabın həyətinə.
Qapıni taqqıldatdım:
- Abbasov,yekunlaşdır. Səni çağırırlar.
- Həkim, çox sag ol. Danişa bildim.
- Davay,qaç qərargahın həyətinə sizi çağırırlar ora. Tez ol.
- Oldu,mən getdim. Yenə də sağ olun həkim...
İbrahim arxasinca baxa-baxa:
- Yaman qəribə uşaqdı sənin bu yerlin.
- Ağzında uşaq deyirsən da...
- Bir az da deyəsən.... o məsələ, hə? -əliylə başını göstərdi.
- Nə bilim ee səndə. Xarabada ağıllı-başlı adam var ki?
- Amma çox imkanlıdır deyilənə görə.Əsgərliyə də öz istəyiylə gəlib. Ailəsində nəsə problem olub.
- Bizim adətimizdi da. Sevgilisiylə dalaşan qaçır əsgərliyə. Arvadıyla , ata-anasıyla küsülü olan da gedir gizir olur.
İbrahim möhkəmdən qəh-qəhə çəkdi:
- Ay sənin kefin olsun həkim. Adam olmadın da sən. Çayın var?
- Hə. Keç qoy peçin üstünə. Mən də bunu çəkim gəlirəm.
Beləcə günlərimiz yavaş-yavaş öz axarı ilə gedirdi. Hərbi xidmət,daha doğrusu hal-hazırda mənim çəkdiyim hərbi xidmət,sanki ulu babalarımız olan ibtidai insanların həyat tərzini səhnəcikdə canlandırırıqmış kimi bir şey idi. Normal cəmiyyətdən fərqli olaraq, burda ağıllı-nadan,pullu-pulsuz qütblər yox idi. Güclü və gücsüz,daha dəqiq desək fiziki güclü və fiziki gücsüz qütblər var idi. Bu hamımızın bildiyi cəngəllik qanunları idi. Təbii ki, burda ağıl da, pul da artıq ikinci dərəcəyə keçirdi gücün qarşısında. Ulu babalardan,heyvanlardan fərqli olaraq bizim hərəkətverici qüvvəmiz daxili, anadangəlmə instinktlərimiz yox, yuxarıdan verilən əmirlər idi. Bu əmrlər isə hansısa komandirin həyətində odun doğramaqdan tutmuş, işləməyən nasaz "Ural”i 600-700 metr məsafəyə qədər itələmək olurdu. Amma bəzən olurdu ki,bu ibtidai insan sürüsü arasından 1-2 dənə ağıllı da çıxırdı
Adi, şablon, ardı-arası kəsilməyən,qurtarmaq bilməyən mənasız günlər. Çox dar, məhdud maraq dairəmdə gənc əsgər Abbasovdan başqa heç bir yenilik yox idi. O da hər gün, günaşiri gəlir,məndən iki nömrəyə zəng edirdi. Biri anası,biri də sevgilisi. Maraqlıydı ki, niyəsə telefonda həmişə anasının nömrəsi qalırdı. Yəqin ehtiyyat edirdi ki,kimsə qara gözlü (bəlkə də göy,ya da yaşıl.Allah bilir...) sevgilisinin nömrəsinə zəng edər.
Getdikcə özümə yaxın bilməyə başlamışdım bu uşağı. Ən başlıcası saf, təmiz uşaqi idi. Dəyişkən xasiyyəti varıydı. Gah gözlərinin içinə kimi gülər, gah da zəhrimar yağırdi üzündən. Bir də görürdün ki, bu dəqiqə ağlayacaq kimi,dolub gəzir. Bütün bu vəziyyət də telefonla danışığından asılı olurdu. Son günlər sevgilisi ilə yaman kefsiz,narahat danışırdı. Deyəsən....
Dostum,hər qızda olan deyil ki, o qeyrət,18 ay gözləsin söz verdiyi adamı. Birinci deyilsən,sonuncu da olmayacaqsan yəqin.
...Bu da son. Axır ki, çıxardıq o paltarı, soyunduq atdıq bir qırağa, hərbi biletləri alıb, bir-birimizə mütləq zəng edəcəyimizi, hətta imkan olarsa gəlib görüşəcəyimizi söz verib sağollaşırdıq. Amma dünyada, tələsik verilən bütün sözlər kimi bunlar da yalanıydı hamısı.
Abbasovla xüsusi görüşdüm. Lap kövrəlmişdi. Elə bil ki, telefonla bərabər onun əzizlərini də özümlə aparırdım.
- Darıxma, Orxan. Gözünü açıb yumunca, bir də görəcəksən ki, qurtarıb hər şey, artıq evdəsən.
Nəmli gözlərini üzümə zillədi:
- Darıxıram həkim, elə bir şey də qalmiyib amma . Lap az qalib qurtarmağa...
Təəccüblə baxdım. Amma heç nə demədim. Uşaqdı da, qəribsəyib yəqin. Axi, burda onun yerlisi tək mən idim.

*****
...Artıq 3 aydan çox olardı gəldiyim. Təyinatım üzrə,düzəlmişdim xəstəxanalardan birinə işə. Soyuducunun buzxanasna qoyub getdiyim, baş beynimin "sevgi” adlı hissəsini çıxarıb taxmışdım yerinə. Elə səlist, rəvan işləyirdi ki,elə bil 1 il buzxanada qalan bu deyilmiş. Nəticəsini də görürdüm. 1 həftə olardı ki, təzə biriylə tanış olmuşdum. Hər şeyi yaxşıydı: sir-sifəti, geyim-keçimi. Amma tanışlarımdan birinin dediyi kimi, bütün qadınlarda olduğu kimi bunda da şəkillə ağıl tərs mütənasibiydi. İllah da ki, çox danışmağı olmayaydı. Onunla keçirdiyim 60 dəqiqənin 40 dəqiqəsi dialoqa sərf olunurdusa,bu dialoqun da 35 dəqiqəsini o danışırdı. Qalan 5 dəqiqə isə, mənim "hə” "yox” "bəlkə də” "bilmirəm” sözlərimə gedirdi.
Yenə də oturmuşduq Kür sahilindəki kafelərdən birində. Həmişəki kimi başlamışdı yenə də,öz bəxtindən ,həyatından ağız dolusu gileylənməyə. Qulağım onda olsa da, gözlərim Kürdə avar çəkən idmançıların yanındaydı. Sevirdim mən bu idmanı. Gözəl mənzərəni arabir Sevdanın sözləri, korlayırdı.
-...... qurban sənə,mən demirəm ee hər gün axtar məni, bir yerdə olaq. Amma daha belə yox da. Bax, bu gün mənə neçə sms yazmısan? Cəmi 3-cə dənə. Onlar da hamısı mənim yazdıqlarıma cavab. Axı məni də başa düş,mən də insanam. Sevgiyə ehtiyacım var. Sevdiyim kimi,sevilmək də istəyirəm.
- ( ...ilahi,kaş mən də bunun kimi beləcə asan sevə biləydim. Kaş mən də hisslərimi belə asanca idarə edə biləydim...)
- Niyə susursan,hə? Çünki, söz tapmırsan. Çünki, mən haqlıyam.
- Bilirsən nə istəyirəm Seva?
Gözlərinə işıq gəldi:
- Nə,qurban sənə?
- Sade’ye qulaq asa-asa gecə ,qaranlıqda qayıq sürmək.
- Cəhənnəm olsun sənin qayığın da, Sade’n də. Zövqszün biri. Mənə deyən lazımdı ki,ay ağılsız,sən başını niyə xarab edirsən ee bununla? Söz təəsir edəndi buna? Sevən sənin kimi olmaz eee... Orxanı tanıyırdın? Bizimlə bir sinifdə oxuyurdu. 6-ci sinifdən bir qız istəyirdi,Leyla adında.
- Kiiim...?
- Orxan. Tanıdın? Atasını Rusiyada öldürmüşdülər çoxdan. Amma dayıları imkanlıydılar. Belə yaraşıqlı,göygöz oğlan idi. Hə,onu deyirdim axı. 6-cı sinifdə oxuyanda,başqa sinfdən bir qız istəyirdi. 4 il süründü ee onun arxasiyca. Axırda raziliğını aldı qızın. Məktəbi qurtarandan sonra nişanlanmaq istəyirdilər. Ata-anası da razıydı qızın. Kim razi olmazdı eee. Tem bolee imkanlı,qəşəng,ağıllı,tərbiyəli oğlanıydı. Amma gör nooldu sən Allah. Son zəngimizdən heç 5 ay keçməmişdi. Qızgil,ailəvi Qəbələdən gəlirdilər,yolda qəza etdilər. Hamısı öldü. Orxan əsgərlikdə idi onda. Dəhşət! İndi də yadıma düşəndə tüklərim biz-biz durur. Allah heç kimə göstərməsin o müsibəti.
- Soyadı nə idi o Orxan dediyinin?
- Dəqiq bilmirəm...amma deyesən Abbasovuydu ya da Abdullayev. Məncə Abbasov olmalıydı. Tanıyırsan?
Siqaretin tüstüsü boğazımda qaldi.
- Yoox. Elə-belə soruşdum da.
- Həə. Onu danışırdım axı, Orxanı. Xəbəri eşidib gecə yarsı gedib tualetə asıb özünü əsgərlikdəcə. Gözünü niyə elə bərəldirsən? Sevən elə olar baaax. Yoxsa sən... Heç bilirsən ad günüm nə vaxtdı sən Allah? Hardan biləcəksən? Amma Sade’nin ad günü yox ee,nə bilim nə gününü də soruşsam,əzbər deyəcəksən. Bütün günü gözüm qalır telefonda ki,bu dəqiqə......
Artıq Sevdanın nə dediyini eşidə bilmirdim. Beynimdə her şey qarışmışdı. Olmaz axi belə şey. Heç cür inana bilmirdim. Boğulurdum içimdəki hisslərin ağırlığından. Beynimdən paltarlı-paltarlı suya atılıb dəli kimi üzmək keçirdi. Bir də, "insan gözü, yer üzərindəki optik cihazların ən mükəmməlidir” deyən alimi tapib,ona axmaq olduğunu demək...

Baxılıb: 207 | Əlavə etdi: Narmin | Reytinq: 0.0/0
Şərhlər: 1
0  
1 DuYaRLı   (23.11.2010 10:06)
Bu yazı da sizin düşüncələrinizin məhsuludur?

Adınız *:
Email:
Tehlukesizlik kodu *: