Bu gün qarşılaşdım bu cümlə ilə… Bacımla bərabər nənəmgilə getmişdik.Nənəm adəti üzrə bizi görən kimi ard-arda qoşdu gözəl sözləri,əzizləmələri…”Balalarıma qurban olum,iki cüt sonam gəlib,anam,bacım gəlib, -deyib bağrına basdı bizi.Sevincindən gah gözü doldu,gah güldü.Tələsik evin o baş,bu başına gedib əlinə keçəndən,gözünə görünəndən süfrəyə düzdü. Ordan-burdan bir az söhbət etdik… Sonra nənəm birdən ayağa qalxdı,anamın kitablarını saxladığı otaqdan qəzetlə dolu olan köhnə bir qutu gətirdi…İçindən saralmış qəzet çıxartdı,bir xeyli də məktub. Qəzetdə “Saf məhəbbət nəcib ürəklərdə olur” adlı kiçik bir məqalə vardı.Sonda-müəllif yerindəYaqut Əşrəfova yazılmışdı… Oxudum məqaləni,qəhər boğdu məni.Çünki, anam bu kiçik yazıda körpə yaşında itirdiyi atası,onu dünyalar qədər sevən anası barədə yazmışdı…Həsəd apardım nənəmin sədaqətinə,səbrinə,dözümünə… Həmişə babam haqqında yaxşı sözlər eşitmişəm…Əsil insan, gözəl dost, yaxşı ata olub deyiblər…Nənəm həmişə deyir ki, babam haqsızlığa,yalana dözməzdi. İndi yalan, haqsızlıq baş alıb gedir…Elə ona görə də tez apardı babanı Allah öz yanına. Axı,sevimli bəndə idi o. Mənim şirin, şəkər nənəm,sən isə çox xoşbəxt insansan.Çünki, səni dünyalar qədər çox sevən övladların,varlığınla nəfəs alan, öyünən nəvələrin,nəticələrin,saf məhəbbətlə dolu,nəcib ürəyin var…
21.08.2009
Saf məhəbbət nəcib ürəklərdə olur… (Y.BAHADURQIZI)